Tarixi
Sülalənin banisi Məhəmməd ibn Şəddad ibn Qurtaq, salarilər hökmdarı Mərzban ibn Məhəmmədin həbs olunmasından sonra yaranmış vəziyyətdən istifadə edərək 951-ci ildə, Mərzbanın tabeçiliyində olan Dvin (Dəbil) şəhərini ələ keçirir. Bu zaman Azərbaycanı idarə edən İbrahim Salari atasının vassalı Vayzur (Vayotsdzor) hakiminin qoşununu Məhəmməd ibn Şəddada qarşı göndərir. Lakin Məhəmməd şəhər əhalisinin köməyilə salari qoşunlarını darmadağın edə bilir. Çox keçmədən, İbrahimin özünün başçılıq etdiyi qoşun Dvini ələ keçirə bilir və Məhəmməd öz adamları ilə birgə Vaspurakana qaçır; 955/56-cı ildə Vaspurakanda vəfat edir. Dvin əldən çıxdıqdan sonra Məhəmmədin Vayzur hakiminin himayəsinə sığınan iki oğlundan böyüyü – Əbülhəsən Əli Ləşkəri 965-ci ilədək Vayzurda qalır. Kiçik oğlu Fəzl isə, nəhayət, Salarilərə xidmət etməyə başlayır və salari hakimi Əli ət-Tazi tərəfindən idarə olunan Gəncəyə gəlir, 969/70-ci ilədək burada yaşayır. Gəncədə olarkən Fəzl şəhər rəisinin məsləhəti ilə böyük qardaşı Ləşkəriyə xəbər göndərərək, onu Gəncəyə dəvət edir və onun Gəncə hakimi olmağa razılıq verməsinə nail ola bilir. Fəzllə razılığa gəlmiş Gəncə şəhərinin rəisi Yusif əl-Quzzaz, şəhərin salari hakimini həbs etdirərək, şəhər qapılarını Ləşkərinin üzünə açdırır. Beləliklə, Ləşkəri ibn Məhəmməd 971 -ci ildə Gəncənin idarəsini ələ alaraq, sülaləsinin hakimiyyətinin əsasını qoyur. Çox keçmədən Şəddadilər Gəncə ətrafında olan Bərdə, Şəmkir və b. torqlarda möhkəmləndilər. Ermənistanın şərq hissəsini ələ keçirdilər.