reklam

Böyük Səlcuq İmperiyası

Yazar Adsız 22 Ocak 2015 Perşembe 0 yorum

Böyük Səlcuq İmperiyası (türk. Büyük Selçuklu Devleti), (1038-1157) — Oğuz Türklərinin Qınıq boyundan olan tayfaların XI əsrdə yaratdığı, Orta AsiyaİranYaxın ŞərqQafqaz və Anadolu ərazilərini əhatə edən nəhəng Türk dövləti.

Ərazisi Mərkəzi Asiyadan Aralıq dənizinə, Dərbənd keçidindən Fars körfəzinədək uzanırdı. İlk paytaxtı Nişapur şəhəri idi.


XI əsrin ortalarında Yaxın və Orta Şərqin tarixində mühüm bir hadisə baş verdi. Həmin dövrdə Böyük Səlcuq imperiyası yarandı. Səlcuqlar oğuz türklərinin Qınıq boyundan idilər.[20]Bu tayfanın başçısı Dükak bəyin oğlu Səlcuq bəy idi. Sonradan bütün tayfa onun adı ilə Səlcuq türkləri adlanmağa başlandı. 




Oğuz Yabqu dövlətində sübaşı (ordu başçısı) vəzifəsində olan Səlcuq bəy Oğuz Yabqusu ilə aralarında olan narazılığa görə öz tərəfdarları ilə 960-cı ilə Seyhun çayının sahilində olan Cənt şəhərinə getdi. Səlcuq bəy İslam dinini qəbul etdi və Oğuz dövlətinə tabe olmaqdan imtina etdi.

Səlcuq bəy bu vaxt Mavərannəhrdəki Samanilər dövləti ilə ittifaqa girərək Qaraxanlılar dövlətinə qarşı mübarizə aparırdı. Samanilərin süqutundan sonra Səlcuq türkləri Qaraxanilərdən asılı vəziyyətə düşdülər. Sultan Mahmud Qəznəvi Mavərannəhri işğal etdikdən sonra səlcuqların başçılarından Mikayıl və İsraili həbs edərək səlcuq tayfalarını 1009-cu ildə Xorasan əyalətinə köçürtdü. Lakin buna baxmayaraq Səlcuqun nəvələrindən Toğrul bəy, İbrahim Yınal, Çağrı bəy Davud, Musa Yaqubu Kolyan və başqaları səlcuqları öz bayraqları altında birləşdirərək mübarizəyə başladılar. Səlcuqlar Qəznəvi sultanı I Məsuddanfəaliyyət göstərmək üçün torpaq istədilər. Lakin I Məsud bu xahişi rədd edərək onların üstünə qoşun göndərdi. Səlcuqlar əvvəlcə məğlub edildilər. Sonra səlcuqlar MəsudunHindistana yürüşdə olmasından istifadə edərək Bəlx, Tus, Gürgan və Mərvi tutdular. Məsudun göndərdiyi 30 minlik ordunu məğlub edən səlcuqlar Xorasanın əsas şəhəri olan Nişapuru ələ keçirərək 1038-ci ildə Səlcuq dövlətinin yarandığını elan etdilər. Beləliklə, Yaxın və Orta Şərqdə ən güclü orta əsr feodal dövlətlərindən olan Böyük Səlcuq dövlətinin əsası qoyuldu. Böyük Səlcuq dövlətinin ilk sultanı I Toğrul (1038-1063), ilk paytaxtı isə Nişapur şəhəri oldu.

Səlcuq yürüşlərinin başlanması

Xorasanın ən mühüm yerinin əldən çıxdığını görən sultan I Məsud 50 min nəfərlik qoşun və 300 döyüş fili ilə Xorasana doğru hərəkət etdi. Toğrul öz qoşununa geri çəkilmək əmri verdi. Sultan I Məsud onları təqib edərək çölə daxil oldu. Saysız-hesabsız vergilərdən cana doymuş əhali səlcuqilərə rəğbət bəsləyirdi. I Məsud əhalidən heç bir yardım almadığından, ərzaq, su və yem qıtlığı ilə üzləşdi. Mərv şəhərindən 10 fərsəx məsafədə yerləşən Dəndənəkən adlı yerdə 1040-ci il 23 may tarixində (bəzi mənbələrdə avqustun 26-da) səlcuqlarla qəznəvilər arasında qanlı Dəndənəkən döyüşübaş verdi. Sultan I Toğrulun böyük qardaşı Çağrı bəyin başçılıq etdiyi Səlcuq ordusu qəznəviləri darmadağın etdi. Bununla da səlcuqlar üçün İran və İraqa yol açılmış oldu. Mərv şəhərində keçirilən böyük qurultayda Şərqdə və Qərbdə yeni işğallara başlamaq qərara alındı. Qəznəvilər və Qaraxanlılarla toqquşmaqdansa, Xilafətin tənəzzülündən sonra siyası dağınıqlıq keçirən İranCənubi Qafqaz və Bizansa qarşı hücuma keçmək daha məqsədəuyğun sayıldı. 1043-cü ildə dövlətin paytaxtı Tehran yaxınlığındakı Rey şəhərinə köçürüldü. Səlcuq orduları buradan Həmədan, İsfahan, Gilan və Azərbaycana doğru yürüşə başladılar. 1038-1044-cü illərdə bütün Xorasan, 1043-cü ildə Xarəzm, 1042-1051-cü illərdə Qərbi İran səlcuqilərin əlinə keçdi. Kiçik AsiyaSuriya, Ön Qafqaz, bir sözlə, Türküstandan Aralıq dənizinə, Dərbənddən Fars körfəzinə qədər ərazilər ələ keçirildi. Sultan I Toğrul yeni yaratdığı dövləti Bağdad xəlifəsinin mənəvi nüfuzu ilə gücləndirmək məqsədilə 1055-ci ildə Bağdadı tutdu. Abbasilər səlcuq türklərindən asılı vəziyyətə düşərək, sultan I Toğrulu bütün "Şərqi və Qərbin hökmdarı" kimi tanımağa məcbur oldular. Sultan I Toğrul Bağdad səfərində olarkən onun qardaşı İbrahim Yınal və əmisi Qutalmış qiyam qaldırdılar. I Toğrul qardaşı oğlu Alp Arslanın köməyi ilə bu qiyamı yatırtdı. Səlcuq dövlətinin yaranmasında, möhkəmlənməsində və yeni ərazilər fəth edilməsində sultan I Toğrulun çox böyük tarixi rolu olmuşdur.

Səlcuq dövlətinin imperiyaya cevrilməsi

Sultan I Toğrulun vəfatından sonra hakimiyyətə qardaşı Çağrı bəyin oğlu Alp Arslan (1063-1072) gəldi. Onun məqsədiAnadoluya girmək idi. Əvvəlcə İran və Azərbaycandan keçərək Bizansla müttəfiq olan erməni, gürcü və abxaz hökmdarlarını darmadağın edib TiflisAniQars şəhərlərini ələ keçirdi. Daha sonra Alp Arslan öz sərkərdələri Gümüş Tikin və Afşin bəyi Anadolu üzərinə göndərdi. Onlar Orta Anadoluya kimi irəlilədilər, Sivas, Qeysəriyyə (Kayseri) və Konya şəhərlərini ələ keçirdilər. 1070-ci ildə Alp Arslan güclü ordu ilə Misir üzərinə yürüş etdi. Daha sonra yenidən Anadoluya girən Alp ArslanMalazgird şəhərini asanlıqla tutdu, Urfa şəhərini mühasirəyə aldı, amma onu tuta bilmədi. Oradan Hələb üzərinə yeridi və bu zaman Bizans qoşunlarının Azərbaycan istiqamətində hücum xəbərini eşidərək geri döndü.
Düşmənin hücumunu gözləmək ölümə apara bilərdi. Ona görə Alp Arslan özü hücuma keçməyi qərara aldı. İki ordu Malazgird düzənliyində qarşılaşdı. Malazgird döyüşü 1071-ci il avqustun 26-da başlandı. Türk süvariləri hər tərəfdən hücuma keçdilər. Ancaq Bizans ordusunu yerindən tərpətmək mümkün olmadı. O zaman türklər döyüşə-döyüşə və pusqular quraraq geri çəkilməyə başladılar. Hava qaralarkən türk tayfaları olan uzlar və peçeneqlər qarşıdakı ordunun soydaşlarından ibarət olduğunu anlayıb səlcuqların tərəfinə keçdilər. Vəziyyəti belə görən imperator geri çəkilməyi əmr etdi. Alp Arslan fürsətdən istifadə edərək düşmənin üzərinə qəti hücuma keçdi. Pusqudakı əsgərlər də bizanslıların üstünə atıldılar. Bizans imperatoru yaralanaraq əsir düşdü. Lakin Alp Arslan böyük bir nəciblik göstərərək onu bağışladı və azad etdi. Bu döyüş dünya tarixində böyük bir dönüş nöqtəsi oldu. Bu döyüşün nəticəsi olaraq Bizans hər il səlcuqlara vergi verməli, lazım olduqda hərbi yardım göstərməli, Şərqi Anadolunu bütünlüklə türklərə verməli idi. Malazgird döyüşündən sonra Səlcuq imperiyasının təsir dairəsi şərqda Qaşqardan Qərbdə Aralıq dənizinədək, şimalda Qafqazdan tutmuş cənubda Yəmənə qədər böyük bir ərazini əhatə edirdi. Abbasi xəlifəsi Alp Arslanı dinin təməli adlandırırdı.
1072-ci ildə Alp Arslan Orta Asiya istiqamətində hərbi yürüşə çıxdı. Bu yürüşlərin birində o bir qala komendantı tərəfindən ağır yaralanaraq öldürüldü. Onun oğlu I Məlikşahın dövründə (1072-1092) səlcuqların yeni ərazilər ələ keçirməsi prosesi başa çatdı. 4-5 il ərzində Konya və Ankara şəhərləri alındıqdan sonra boğazlara və Egey dənizinə qədər yerlər türklərin əlinə keçdi. Suriya da zəbt edildi. Bizansdan Antakya və Urfa şəhərləri, fatimilərdən Qüds şəhəri alındı. Atası kimi cəsur, uzaqgörən və qətiyyətli bir hökmdar olan I Məlikşahın hakimiyyəti illərində Səlcuq imperiyasının tərkibinə Orta Asiya, Suriya və Ərəbistan yarımadası daxil edildi. I Məlikşahın dövrü Səlcuq imperiyasının çiçəklənməsi dövrü idi. Dövlətin belə qüdrətli olmasında Alp Arslanın və I Məlikşahın vəziri olmuş görkəmli alim və siyasətçi Xacə Nizamülmülkün böyük rolu olmuşdur.[21] I Məlikşahın dövründə paytaxt Reydən İsfahana köçürüldü.

İmperiyanın təzəzzülü

Orta əsrlərin başqa feodal imperiyaları kimi Böyük Səlcuq dövləti də çox yaşamadı. O zaman əmtəə-pul münasibətləri hələ başlıca iqtisadi əlaqə forması olmadığından, natural təsərrüfat hökm sürdüyündən Böyük Səlcuq imperiyasının əhatə etdiyi ərazilərin və xalqların vahid iqtisadi və siyasi mərkəz ətrafında sıx birləşməsi, qüdrətli mərkəzləşdirilmiş dövlətə çevrilməsi qeyri-mümkün idi. Uğurlu müharibələr zamanı oğuz-səlcuq hərbi-siyasi birliyinə əsaslanan Səlcuq dövləti XI əsrdə işğallar ara verdikdə zəiflədi. Səlcuq sultanları öz əyanlarına bütöv vilayətləri, mahalları iqta olaraq bağışlayırdılar. Zaman keçdikcə onlar irsi hakimlərə çevrilir, mərkəzi hakimiyyətə tabe olmaq istəmirdilər. Mövcud olan qaydaya görə hər bir şahzadənin özünə xanədan tələb etmək hüququ var idi.
Sultan I Məlikşah və Mizamülmülkün ölümündən sonra Səlcuq imperiyasında mərkəzi hakimiyyətə tabe olmamaq cəhdləri gücləndi. Sultan Mahmud (1092-1094) və Börküyarığın (1094-1104) hakimiyyəti illərində dövlət tədricən tənəzzülə uğradı, ayrı-ayrı əmirlər arasında bölünmə təhlükəsi yarandı. Uzun sürən ara müharibələri və ismaililərin qiyamları dövləti zəiflədirdi. Buna görə də xaçlıların yürüşlərinin qarşısını almaq mümkün olmadı. Xaçlılar Suriyanı keçərək Qüdsü aldılar. Börküyarıqdan sonra hakimiyyətə II Məlikşah (1104-1105) gəlsə də, hakimiyyəti uzun sürmədi. Sultan Məhəmməd Təpər (1105-1117) mərkəzi hakimiyyəti möhkəmləndirməyə çalışdı. İsmaililərə qarşı mübarizəyə başladı, Mosulu almış Anadolu Səlcuq sultanı I Qılınc Arslanı məğlub etdi, Suriyadakı xaçlılar üzərinə ordu göndərildi. Məhəmməd Təpər Səlcuq imperiyasının bütün ərazisi üzərində öz suverenliyini bərpa etsə də, sonuncu Səlcuq sultanı Səncər (1118-1157) zamanı dövlətin bütövlüyü yenidən pozuldu. Səncər Qəznəşəhərini qəznəvilərdən, Məvarünnəhri qaraxanlılardan alsa da, qarakitayların Məvarünnəhrə hücumunun qarşısını ala bilmədi.[22] 1141-ci ildə Səmərqənd yaxınlığında məğlubiyyətə uğradı və bütün Məvarünnəhri itirdi. Bu uğursuzluq daxili qiyamlara səbəb oldu. Vergilərin çoxluğundan narazı olan oğuzlar üsyan etdilər. Səncər onlara qarşı döyüşdə məğlubiyyətə uğradı və əsir düşdü. Üç il əsirlikdə qaldıqdan sonra əsirlikdən qaçdı. Lakin çox yaşamadı və 1157-ci ildə vəfat etdi. Sultan Səncərdən sonra Səlcuq imperiyası süquta uğradı. Onun ərazisində Kirman, Konya, Suriya, İraq Səlcuq sultanlıqları, Azərbaycan Atabəyləri, Kiçik Asiyada bir sıra əmirliklər yarandı.

Mirası

Səlcuq axınları ilə bağlı olaraq oğuz-türk tayfaları bütün Cənubi Qafqazda və Ön Asiyada başlıca etnik və siyasi qüvvəyə çevrildi. Bu amil Yaxın və Orta Şərqin bütün sonrakı taleyində mühüm rol oynadı. Avropa feodallarının Şərq torpaqlarına işğal məqsədilə təşkil etdikləri Xaç yürüşlərizamanı səlibçilərə sarsıdıcı zərbələr endirən səlcuq türkləri Yaxın və Orta Şərqin siyasi xəritəsinin Qərbi Avropanın xeyrinə dəyişməsinə imkan vermədilər. Səlcuq türklərinin Cənubi Qafqazda möhkəmlənməsi Bizansa arxalanaraq Azərbaycanın qərb torpaqlarını ələ keçirməyə çalışan erməni və gürcü feodallarının qəsbkarlıq planlarını puça çıxardı. Türklük və İslam amilləri Cənubi Qafqazda, o cümlədən Azərbaycanda qəti olara möhkəmləndi. Səlcuqların həyata keçirdikləri sosial-iqtisadi tədbirlər Şərq ölkələrində, eləcə də dünya miqyasında inkişaf etmiş feodalizmə keçid üçün şərait yaratdı. Dövlətdə daxili iqtisadi əlaqələr zəif olsa da, hərbi-siyasi birlik, sultan və dövlət xadimlərinin şəxsi nüfuzu güclü idi. Səlcuqların hakimiyyəti dövründə iqtisadiyyat və sənətkarlıq inkişaf etmiş, şəhərlər böyümüş, feodal rentasında pul sisteminin rolu daha da artmışdır. Səlcuqların hərb sistemi öz üstünlüyü ilə qonşu dövlətlərdən fərqlənirdi. Səlcuq imperiyası dövründə türk xaqları yenidən öz əvvəlki qüdrətini bərpa etmiş, İslam dünyasının və İslam mədəniyyətinin inkişafının yeni mərhələsinə yol açmışdır.

Hiç yorum yok:

Göndər